UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları olub.

Təmsilçimiz “Qarabağ” səfərdə İsveçin “Hekken” komandası ilə üz-üzə gəlib. “Qamla Ullevi” Stadionunda keçirilən görüşə Ağdam futbolçuları daha fəal başlayıb. İlk dəqiqələrdən sürətli hücumlarla rəqibə çətin anlar yaşadan “Qarabağ” futbolçuları buna baxmayaraq hesabı aça bilməyiblər. Fasilədən sonra da təşəbbüsü əldən verməyən Qurban Qurbanovun yetirmələri 70-ci dəqiqədə istəyinə nail olub. Yasin Benzianın ötürməsindən sonra müdafiəçilərdən ustalıqla yayınan Juninyo topu qapıdan keçirərək hesabı açıb. Qalan vaxtda qələbə hesabını qorumağa nail olan komandamız yekunda minimal hesabla qalib gəlib. “Hekken” – “Qarabağ” 0:1. Bununla da ikinci turda da qələbə qazanan “Qarabağ” qrupda 6 xalla ikinci pillədə qərarlaşıb. Ağdam klubu eyni xala malik “Bayer” Leverkuzendən yalnız digər göstəricilərə görə geridədir.